Dövlət qulluğuna qəbul ilə bağlı nələri bilməlisiniz? Əl kitabçasını endirərək oxuya bilərsiniz.

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilmişdir

2017-07-10

2017-ci il iyulun 10-da Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Pullman Bakı Hotelində “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda  konfrans keçirilmişdir. 

Tədbirin keçirilməsində məqsəd iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermək, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparmaq olmuşdur. 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Ümumilikdə konfransda 150 nəfər iştirak etmişdir.

Konfransda giriş sözü ilə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu  və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış etmişdir.

Məleykə Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən  etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrəniləcəyi, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcəyini, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəyi və təqdim olunacaq illik hesabata daxil ediləcəyini, pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini qeyd etmişdir.

DİM-in əməkdaşları tərəfindən  Dövlət qulluğu haqqında Qanuna edilmiş son əlavə və dəyişikliklər, dövlət qulluğuna yeni qəbul qaydaları, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanların təşkilində tətbiq ediləcək yeniliklər barədə təqdimatlar edilmişdir.

DİM-in Hüquqi təminat və insan resurları şöbəsinin müdiri Vüqar Əsgərov təqdimatında dövlət qulluğuna qəbulda və inzibati vəzifələrin tutulmasında edilmiş  dəyişikliklər və qanunvericiliyin tətbiqi üzrə yol verilən pozuntular, həmin pozuntuların aradan qaldırılması üzrə Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, çıxışında bildirmişdir ki, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olmuşdur ki, əgər bundan qabaq müsabiqə ilə qəbul yalnız 5-7-ci təsnifata daxil olan inzibati vəzifələrə şamil olunurdusa, artıq yeni dəyişikliklərə əsasən dövlət qulluğuna qəbul 1-7-ci təsnifat inzibati vəzifələr üzrə aparılacaq. Yəni dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar. Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olmuşdur. Belə ki, müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək.

O, çıxışında vakant vəzifələrin tutulması üçün daxili müsahibə keçirildikdə və daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadığı halda, həmin vəzifənin 30 gün müddətində ümumi müsahibəyə çıxarılması və ümumi müsahibə yolu ilə ilə tutulmadığı halda isə mütləq qaydada müsabiqəyə çıxarılması barədə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu günə kimi vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda, yeni qaydalarla artıq bu məcburi norma olaraq müəyyən edilmişdir.

Konfransda, həmçinin Dövlət İmtahan Mərkəzinin Litva Dövlət Katibliyi ilə birgə icra edilən  və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” Layihəsinin icra vəziyyəti və gələcək planlar barədə də iştirakçılara məlumat verilmişdir.

Tədbirin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı verilən suallar DİM əməkdaşları tərəfindən cavablandırılmışdır. 

Qeydiyyatdan keç
elektron xidmətlər
anroid app
Maaş kalkulyatoru

- Müsabiqə nədir?

Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət İmtahan Mərkəzi (DİM) inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Ümumi müsahibə nədir?

Ümumi müsahibə - dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslərin iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Daxili müsahibə nədir?

Daxili müsahibə-inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçəninzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

Copy Right © 2017

www.dovletqullugu.com saytı rəsmi sayt deyil və DİM - ilə heçbir əlaqəsi yoxdur. Dövlət qulluğuna hazırlaşan namizədlərə köməklik məqsədi ilə açılmışdır.

Yandex.Metrica