Qaynaq: www.dovletqullugu.com

ÇAP ET Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1.   Azərbaycan Respublikasının Dövlət  bayrağının təsviri təsdiq edilsin.

2.   Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.

3.   “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938—1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5—6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.

 
Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 5 fevral 1991-ci il.

№ 17—XII.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında

 

ƏSASNAMƏ

 

1.   Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

2.   Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.  Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.

Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.

Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

3. (Qüvvədən düşüb)

4. (Qüvvədən düşüb) [1]

5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

6. (Qüvvədən düşüb)

7. (Qüvvədən düşüb) [2]

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1) 8 iyun 2004-cü il tarixli 683-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 515)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 iyun 2004-cü il tarixli 683-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 515) ilə 3-cü, 4-cü bəndlər qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3.          Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı yerlərdə qaldırılır:

a)          Azərbaycan Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin, Azərbaycan Respublikası rayon, şəhər, şəhərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetinin sessiyalarının keçirildiyi binaların üzərində — bütün sessiya dövründə;

b)          Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Nazirlər Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin və Nazirlər Sovetinin, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin binaları üzərində — daim;

v)          dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların binaları, habelə yaşayış evləri üzərində — martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-də, mayın 9-da, mayın 28-də, noyabrın 7-də.

Yuxarıda göstərilən binalar üzərində Azərbaycan Respublikasının Dövlət bayrağını başqa bayram və xatirə günlərində də qaldırmağa icazə verilir;

q)          rəsmi şəxs sifəti ilə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin və ya digər rəsmi   (vəkil edilmiş) şəxslərin mindikləri hava gəmilərində (Dövlət bayrağının gəmidə təsvirləri), dəniz gəmilərində, daxili su yollarında üzən gəmilərdə və başqa nəqliyyat vasitələrində — göstərilən şəxslərin razılığı ilə;

d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin və Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, idarələrin və təşkilatların keçirdikləri mərasimlər zamanı, digər təntənəli və bayram tədbirləri zamanı da qaldırıla bilər.

4. Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bir vaxtda qaldırılarkən Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağının ölçüsü Azərbaycan Respublikasının Dövlət bayrağının ölçüsündən iri ola bilməz.

 

[2] 8 iyun 2004-cü il tarixli 683-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 515) ilə 6-cı, 7-ci bəndlər qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

6. Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır.

7. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbaycan  Respublikasının Nazirlər Soveti qəbul edir