Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi
ilə müsahibə keçirilməsi Qaydasının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Dövlət qulluğu haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə Azərbaycan Respublikasının 2016-cı
il 31 may tarixli 267-VQD nömrəli Qanununun
icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Dövlət qulluğu vəzifəsinin
tutulması məqsədi ilə müsahibə keçirilməsi
Qaydası təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. bu Fərmanın 1-ci hissəsi ilə
təsdiq edilmiş Qaydanın 2.4-cü bəndinə uyğun
olaraq, müsahibə elanının formasını iki ay
müddətində təsdiq edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmanın 1-ci hissəsi ilə
təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə uyğun
olaraq, inzibati vəzifələrin təsnifatı üzrə
vakant vəzifələrin tutulmasının ümumi şərtlərini
iki ay müddətində müəyyən edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.6. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2017-ci il
¹ 1480
|
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir |
Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi
ilə müsahibə keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Dövlət qulluğu
haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra
Qanun) 28-ci və 29-cu maddələrinə əsasən,
birincibeşinci kateqoriya dövlət orqanlarında (yerli icra
hakimiyyəti orqanları, yerli icra hakimiyyəti
orqanlarının yanındakı orqanlar və inzibati ərazi
dairələri üzrə nümayəndəlikləri istisna
olmaqla) inzibati vəzifələrin birinciyeddinci təsnifatına
uyğun olan dövlət qulluğu vəzifələrinin
(bundan sonra vakant vəzifə) tutulması üçün
yaradılan müsahibə komissiyasının reqlamentini,
müsahibə komissiyasının tərkibinin
formalaşdırılması, müsahibənin keçirilməsi,
qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin
araşdırılması qaydasını və keçid
ballarını müəyyən edir.
1.2. Müsahibənin keçirilməsində
məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini,
peşə hazırlığını, ümumi
dünyagörüşünü və vakant vəzifə
üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin
vəzifəyə uyğunluğunu müəyyən etməkdir.
1.3. Müsahibə komissiyası fəaliyyətini
aşağıdakı prinsiplər əsasında həyata
keçirir:
1.3.1. qanunçuluq müsahibənin təşkili
və keçirilməsi ilə bağlı normativ hüquqi
aktların tələblərinə riayət edilməsi, habelə
namizədlərlə bağlı məcburi tələblərin
yalnız normativ hüquqi aktlarla müəyyən edilməsi;
1.3.2. obyektivlik namizədin vakant vəzifəyə
uyğunluğunun yalnız namizədlə aparılmış
müsahibə əsasında və bu Qayda ilə müəyyən
edilmiş meyarlar rəhbər tutulmaqla qiymətləndirilməsi;
1.3.3. qərəzsizlik namizədlə
yaxın qohumluq əlaqəsi olan şəxslərin (əri
(arvadı), valideynləri, qardaşları, bacıları,
övladları) müsahibə komissiyasının tərkibinə
daxil edilməsinin yolverilməzliyi;
1.3.4. müstəqillik müsahibə
komissiyasının və müsahibə komissiyası
üzvünün müsahibələrin keçirilməsi və
müsahibə üzrə qərarın qəbul edilməsi ilə
bağlı müstəqilliyi və onların fəaliyyətinə
müdaxilənin yolverilməzliyi;
1.3.5. bərabərlik irqindən, etnik
mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq bütün namizədlərin müsahibənin
keçirilməsi ilə əlaqədar hüquqlarının
bərabərliyinə təminat verilməsi;
1.3.6. şəffaflıq və
aşkarlıq müsahibə keçirilən zaman namizədin
razılığı ilə videoçəkilişdən
istifadə olunması, ictimaiyyət və kütləvi
informasiya vasitələri nümayəndələrinin
müsahibədə müşahidəçi qismində
iştirakı və müsahibənin nəticələrinin
açıq elan olunması;
1.3.7. peşəkarlıq namizədin
potensial imkanlarından istifadə etmək
mümkünlüyünün aşkara
çıxarılması və vakant vəzifəyə
yararlılığını müəyyən etmək
üçün Qanunun 29.8-ci maddəsində nəzərdə
tutulan meyarlar əsasında hərtərəfli qiymətləndirilməsi.
1.4. Bu Qaydada istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.4.1. müsahibə vakant vəzifənin
tutulması üçün dövlət qulluğunun
müvafiq vəzifəsi üzrə test imtahanından
keçdiyini təsdiq edən sertifikatı qüvvədə
olan şəxslər üçün keçirilən, Qanunun
28.6-cı maddəsində nəzərdə tutulan müsahibə;
1.4.2. daxili müsahibə vakant vəzifənin
tutulması üçün keçirilən və ilk
növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə
qulluq keçən və inzibati vəzifələrin təsnifatına
uyğun ixtisas dərəcəsi olan dövlət
qulluqçularının iştirakını nəzərdə
tutan müsahibə;
1.4.3. ümumi müsahibə vakant vəzifənin
həmin dövlət orqanında və ya digər dövlət
orqanında inzibati vəzifələrdə qulluq keçən
və inzibati vəzifələrin təsnifatına uyğun
ixtisas dərəcəsi olan dövlət qulluqçuları,
habelə azı 5 il qulluq stajı olan və dövlət
orqanında inzibati vəzifələrdə
çalışmış şəxslər tərəfindən
tutulması məqsədilə keçirilən müsahibə.
2. Müsahibə elanının verilməsi ilə
bağlı təşkilati məsələlər
2.1. Dövlət orqanının rəhbəri
dövlət orqanında vakant vəzifə
yarandığı gündən bir ay müddətində həmin
vakant vəzifənin tutulması üçün daxili
müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə
keçirilməsi barədə qərar qəbul edir və bu
barədə Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzinə (bundan sonra Mərkəz) məlumat
verir.
2.2. Daxili müsahibə nəticəsində
vakant vəzifə tutulmadıqda, dövlət orqanının
rəhbəri müsahibənin keçirildiyi gündən
otuz gün müddətində həmin vəzifənin
ümumi müsahibə və ya müsahibə yolu ilə
tutulması barədə qərar qəbul edir və bu barədə
Mərkəzə məlumat verir.
2.3. Müsahibə elanı, vakant vəzifə
üzrə vəzifə təlimatı və müsahibə
proqramları vakant vəzifənin aid olduğu dövlət
orqanının (bundan sonra dövlət orqanı) internet
saytında yerləşdirilir, habelə müsahibə elan
edilməzdən azı on gün əvvəl Mərkəzə
təqdim olunur və Mərkəz həmin məlumatların
öz internet portalında (bundan sonra portal) yerləşdirilməsini
təmin edir.
2.4. Müsahibənin keçirilməsi
haqqında elan, sənədlərin qəbulu üçün
müəyyən edilmiş son müddət göstərilməklə,
Mərkəzin portalında, dövlət orqanının
internet saytında və digər kütləvi informasiya vasitələrində
verilir. Müsahibə elanının formasını Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir. Dövlət
orqanı müsahibə elanının məzmununu Mərkəzlə
razılaşdırmaqla müəyyən edir.
2.5. Müsahibədə namizəd vakant
vəzifənin tutulmasının ümumi şərtlərinə
və bu şərtlərə əsasən vəzifə təlimatı
ilə müəyyən edilən tələblərə
uyğun olaraq iştirak edə bilər. İnzibati vəzifələrin
tutulmasının ümumi şərtlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir və
həmin vəzifələr üzrə vəzifə təlimatlarını
dövlət orqanları, Mərkəzlə
razılaşdırmaqla, bu şərtlərə uyğun
olaraq hazırlayırlar.
2.6. Müsahibədə iştirakla
bağlı sənədlərin qəbulu üçün
müəyyən edilmiş son müddət bitdikdən sonra
müsahibənin keçirilməsi qrafiki (müsahibənin
keçirilməsi vaxtı və yeri) dövlət
orqanının internet saytında və Mərkəzin
portalında yerləşdirilir.
3. Müsahibə komissiyasının tərkibinin
formalaşdırılması
3.1. Müsahibə komissiyasını
üç nəfərdən ibarət tərkibdə, Mərkəzin
bir nümayəndəsi və bir müstəqil ekspert daxil
edilməklə, dövlət orqanı yaradır.
3.2. Mərkəz müsahibə
komissiyasına öz nümayəndəsi kimi müvafiq sahələr
üzrə ekspert və (və ya) mütəxəssisləri
cəlb edə bilər.
3.3. Aşağıdakı şəxslər
müsahibə komissiyasının üzvü ola bilməzlər:
3.3.1. yardımçı vəzifə
tutan dövlət qulluqçuları;
3.3.2. vakant vəzifədən daha
aşağı vəzifə tutan dövlət
qulluqçuları;
3.3.3. namizədlə yaxın qohumluq əlaqəsi
olan şəxslər (əri (arvadı), valideynləri,
qardaşları, bacıları, övladları);
3.3.4. bilavasitə və ya dolayı yolla
müsahibənin nəticəsində maraqlı olan,
obyektivliyi və qərəzsizliyi şübhə doğuran
şəxslər;
3.3.5. ali təhsili olmayan şəxslər.
3.4. Dövlət orqanında, həmin
dövlət orqanının strukturuna daxil olan və ya
strukturuna daxil olduğu dövlət orqanında işləməyən,
habelə həmin dövlət orqanına, onun strukturuna daxil
olan və ya strukturuna daxil olduğu dövlət orqanına
ezam edilmiş, dövlət orqanının fəaliyyətinə
cəlb olunmuş şəxslər müsahibə
komissiyasının həmin dövlət orqanını təmsil
edən nümayəndəsi kimi iştirak edə bilməzlər.
4. Müsahibə komissiyasının reqlamenti və
müsahibənin keçirilməsi qaydası
4.1. Müsahibənin keçirildiyi vaxt
və yer barədə namizədlərə müsahibənin
keçirilməsinə ən azı beş gün
qalmış dövlət orqanının internet saytı və
Mərkəzin portalı vasitəsilə məlumat verilir.
Müsahibə elanda göstərilmiş vaxtda, dövlət
orqanının müəyyən etdiyi yerdə keçirilir.
4.2. Müsahibə keçirilən
gün müsahibədə iştirak edəcək namizədlərin
siyahısı və şəxsi işləri müsahibə
başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim
edilir.
4.3. Müsahibə komissiyasının
üzvü namizədlərdən hər hansı biri ilə
yaxın qohumluq, şəxsi yaxınlıq,
asılılıq, şəxsi ədavət münasibətində
olduqda, yaxud müsahibə nəticələrinin obyektiv qiymətləndirilməsinə
mənfi təsir edə bilən və ya müsahibənin
aparılması qaydalarının pozulmasına səbəb
ola bilən başqa hallar mövcud olduqda, həmin üzv
özü-özünə etiraz edir. Belə əsaslar olduqda,
müsahibə başlanmazdan əvvəl namizəd müsahibə
komissiyasının hər hansı üzvünə (üzvlərinə)
etiraz edə bilər.
4.4. Bu Qaydanın 4.3-cü bəndinə
uyğun olaraq əsaslandırılmış etiraz edildikdə,
barəsində etiraz edilmiş və ya özü-özünə
etiraz etmiş şəxslər həmin namizədlə
müsahibədə komissiyanın üzvü kimi iştirak edə
bilməzlər. Bu halda iki iş günü müddətində
yeni tərkibdə müsahibə komissiyası yaradılır
və həmin namizədlə müsahibə keçirilir.
4.5. Müsahibə, namizədin
razılığı ilə videoçəkiliş
aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri
nümayəndələrinin və digər müşahidəçilərin
iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda
videoçəkilişlər və ya müşahidəçilərin
iştirakı müsahibənin keçirilməsinə, eləcə
də müsahibə komissiyasının normal fəaliyyətinə
maneə törətməməlidir. Əgər belə maneə
törətmə halları müvafiq xəbərdarlıqdan
sonra da təkrar olunarsa, videoçəkiliş və ya
müşahidəçilərin iştirakı məhdudlaşdırıla
və ya qadağan edilə bilər.
4.6. Aşağıdakı şəxslər
müsahibədə müşahidəçi qismində
iştirak edə bilməzlər:
4.6.1. müşahidəçi qismində
iştirak etmək üçün dövlət orqanına və
ya Mərkəzə qabaqcadan müraciət etməyən
şəxslər;
4.6.2. son 1 il ərzində müşahidəçi
qismində iştirak etmək istədiyi vakant vəzifə
üzrə elan edilmiş müsahibədə iştirakı
qeydə alınmış şəxslər;
4.6.3. müsahibədə iştirak edən
namizədin yaxın qohumları və ya müsahibənin nəticəsində
birbaşa marağı olan digər şəxslər.
4.7. Müsahibə Qanunun 29.8-ci maddəsində
nəzərdə tutulmuş meyarlar əsasında namizədin
vakant vəzifəyə uyğunluğunu müəyyən etmək
üçün müsahibə komissiyasının ona suallar,
tapşırıqlar verməsi və namizədin həmin
sualları cavablandırması, tapşırıqları yerinə
yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə
komissiyası üzvlərinin müşahidə aparması və
qısa izahlar verməsi yolu ilə həyata keçirilir.
4.8. Namizədə verilən suallar və
tapşırıqlar aydın olmadıqda, namizədin həmin
sualları və tapşırıqları
aydınlaşdırmaq hüququ vardır.
4.9. Namizədin bilik səviyyəsinin
qiymətləndirilməsi əvvəlcədən elan
edilmiş müsahibə proqramı əsasında həyata
keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi
məqsədi ilə namizədə müsahibə
proqramından kənar sualların verilməsi yolverilməzdir.
4.10. Mərkəz müsahibə
proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə
razılıq verir.
4.11. Hər bir namizədlə müsahibə
fərdi qaydada, Azərbaycan Respublikasının dövlət
dilində və azı 20 dəqiqə aparılır.
4.12. Müsahibə komissiyasının
üzvləri aşağıdakı tələblərə
riayət etməlidirlər:
4.12.1. müsahibə aparılacaq yerə
təyin edilmiş vaxtda gəlmək;
4.12.2. bu Qayda ilə, vakant vəzifəyə
dair vəzifə təlimatları və namizədin şəxsi
işi ilə tanış olmaq, müsahibə proqramları
üzrə hazırlıqlı olmaq;
4.12.3. bu Qaydanın 4.3-cü bəndində
nəzərdə tutulmuş hallarda özü-özünə
etiraz etmək;
4.12.4. müsahibənin keçirilməsi
ilə bağlı normativ hüquqi aktların tələblərinə
riayət etmək;
4.12.5. müsahibənin aparılmasına
mane olan texniki və digər vasitələrdən istifadə
etməmək, o cümlədən rabitə vasitələrini
müsahibə otaqlarına gətirməmək;
4.12.6. namizədin və digər komissiya
üzvlərinin şəxsiyyətinə və fikirlərinə
hörmətlə yanaşmaq, müsahibə zamanı nəzakətli,
diqqətli və səbirli olmaq;
4.12.7. müsahibə zamanı müsahibə
otağını üzrlü səbəb olmadan tərk etməmək;
4.12.8. namizədin vakant vəzifəyə
uyğunluğunu qiymətləndirmək üçün vəzifənin
tələbləri ilə əlaqədar və müsahibə
proqramına uyğun suallar vermək;
4.12.9. sualları və
tapşırıqları verərkən, müəyyən
edilmiş vaxt bölgüsünə əməl etmək;
4.12.10. müsahibənin gedişi
zamanı namizədə vakant vəzifəyə uyğun
olub-olmaması barədə fikir bildirməmək;
4.12.11. müsahibənin
aparılmasına mane olan digər hərəkətlərə
yol verməmək.
4.13. Namizəd aşağıdakı tələblərə
riayət etməlidir:
4.13.1. müsahibənin
aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;
4.13.2. müsahibə komissiyasının
üzvlərinə hörmətlə yanaşmaq, onların
suallarını, tapşırıqlarını sonadək dinləmək;
4.13.3. suallara mahiyyəti üzrə
cavab verməyə və tapşırıqları
mümkün qədər qısa vaxtda yerinə yetirməyə
çalışmaq;
4.13.4. üzrlü səbəb olmadan
müsahibənin keçirildiyi otağı tərk etməmək;
4.13.5. rabitə və digər texniki
vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.
4.14. Namizəd müsahibənin
aparılacağı yerə müəyyən edilmiş vaxtda
gəlmədikdə, müsahibə komissiyasının
üzvləri tərəfindən onun müsahibədə
iştirak etməməsi barədə akt tərtib edilir.
4.15. Müsahibədə üzrlü səbəblər
olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə
üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni
müsahibənin keçirilməsinə yol verilmir.
4.16. Müsahibədə üzrlü səbəblərdən
iştirak etməyən namizədlə həmin vakant vəzifə
üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni
müsahibənin keçirilməsinə dövlət
orqanının qərarı əsasında yol verilir.
5. Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi
və keçid balları
5.1. Müsahibə başa
çatdıqdan sonra müsahibə ilə bağlı
müsahibə komissiyasının üzvləri arasında
namizədin iştirakı olmadan fikir mübadiləsi
aparılır.
5.2. Müsahibə komissiyasının hər
bir üzvü namizədin vakant vəzifəyə
uyğunluğunu aşağıdakı meyarlara əsasən
qiymətləndirir:
5.2.1. bilik səviyyəsi namizədin
vakant vəzifəyə dair müsahibə proqramı üzrə
bilikləri;
5.2.2. peşə hazırlığı
namizədin vakant vəzifənin tutulması şərtlərinə
uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə
bacarığı və vəzifənin tutulma şərtlərinə
uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə
bilikləri;
5.2.3. ümumi
dünyagörüşü namizədin dünyada (ölkədə)
və cəmiyyətdə baş verən mühüm hadisələrə
dair məlumatlılığı, habelə bu hadisələrə
dair mülahizələri;
5.2.4. vakant vəzifə
üçün zəruri olan keyfiyyətlər namizədin
emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü,
dürüstlüyü, özünütənqid, nüfuzetmə,
təhliletmə, ünsiyyətqurma bacarıqları.
5.3. Hər bir qiymətləndirmə
meyarı üçün ən yüksək bal 5, ən
aşağı bal isə 2-dir. Hər bir meyar üzrə
verilmiş qiymətlər toplanaraq, namizəd barədə
ümumi bal müəyyən edilir və Namizədin iddia
etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə
dair bal cədvəli ilə rəsmiləşdirilir (1
nömrəli əlavə).
5.4. Müsahibə komissiyasının
üzvləri tərəfindən hər bir meyar üzrə
verilmiş ballar Namizədin iddia etdiyi inzibati vəzifəyə
uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəlinin
müvafiq hissəsində qeyd olunmalı və hər bir meyar
üzrə verilmiş bal əsaslandırılmalıdır.
5.5. Müsahibə komissiyası üzvlərinin
verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin
sayına bölünərək, orta bal müəyyən
edilir. Müsahibənin yekun nəticələri Namizədin
inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə
dair yekun protokolla rəsmiləşdirilir (2 nömrəli əlavə).
5.6. Müsahibə komissiyası üzvlərinin
namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi
ballar arasında müsahibə nəticəsinə təsir edən
fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi
etibarsız hesab edilir. Bu halda müsahibənin nəticələrinə
Qanuna əsasən inzibati şikayətə baxmalı qurumda
baxılır.
5.7. Vakant vəzifə üzrə
keçirilmiş müsahibədən 16 və daha çox
bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə
keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin
iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə
qərar qəbul edir.
5.8. Müsahibənin nəticələri
dövlət orqanının internet saytında və Mərkəzin
portalında yerləşdirilir.
5.9. Müsahibədən müvəffəqiyyətlə
keçmiş namizədlər vakant vəzifəyə təyin
edilmək üçün beş iş günü müddətində
dövlət orqanının rəhbərinə təqdim
olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin
təqdim olunduğu gündən on beş gün müddətində
qəbul etdiyi qərar barədə Mərkəzə məlumat
verir.
5.10. Vakant vəzifəyə təyin
edilmək üçün dövlət orqanının rəhbərinə
təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş
namizədlər iki il müddətində həmin dövlət
orqanında ehtiyat kadr kimi saxlanılırlar. Bu müddətdə
həmin dövlət orqanında analoji vakant vəzifə (vəzifənin
tutulması şərtləri uyğun olan) olduqda, namizədlər
onların razılığı ilə həmin vəzifələrə
təyin edilirlər. Həmin müddətdə inzibati vəzifələrə
təyin edilən namizədlər ehtiyat kadrlar
siyahısından çıxarılırlar.
5.11. Mərkəz namizədlərin
müsahibə sənədlərinin (o cümlədən
müsahibə qeydlərinin və videoçəkilişlərin)
5 il müddətində mühafizəsini təmin edir.
5.12. Namizədlərin müsahibə sənədlərinin
əsli Mərkəzdə, surətləri isə dövlət
orqanında saxlanılır.
6. Müsahibənin nəticələrinə yenidən
baxılması
6.1. Namizədlər müsahibənin nəticələrindən
inzibati qaydada və məhkəməyə şikayət verə
bilərlər.
6.2. Namizədlər tərəfindən
müsahibənin nəticələrindən inzibati qaydada
şikayət verilməsi Qanunla müəyyən olunmuş
qaydada həyata keçirilir.
Dövlət qulluğu vəzifəsinin
tutulması məqsədi ilə müsahibə keçirilməsi
Qaydasına 1
nömrəli əlavə Namizədin iddia etdiyi
inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə
dair BAL CƏDVƏLİ
Vəzifəyə
uyğundur □ Vəzifəyə uyğun deyildir □ ------------------------------------------------------------------------ ---------------- -------------------- müsahibə komissiyası
üzvünün soyadı, adı, atasının
adı imza tarix |
Dövlət qulluğu vəzifəsinin
tutulması məqsədi ilə müsahibə keçirilməsi
Qaydasına 2
nömrəli əlavə Namizədin inzibati vəzifəyə
uyğunluğunun qiymətləndirilməsinə dair YEKUN PROTOKOL
Yekun qiymətləndirmə
balı: □
Vəzifəyə uyğundur
□ Vəzifəyə
uyğun deyildir □ --------------------------------------------------------------------------------------------------------------------- müsahibə komissiyası
üzvünün soyadı, adı, atasının
adı imza --------------------------------------------------------------------------------------------------------------------- müsahibə komissiyası
üzvünün soyadı, adı, atasının
adı imza
--------------------------------------------------------------------------------------------------------------------- müsahibə komissiyası
üzvünün soyadı, adı, atasının
adı imza Qeydlər: _____________________________________________________________________________ ______
__________ 20____ il |